Ana səhifə » Elektronika dərsləri » Valent elektronları

Valent elektronları

Valent elektronları haqqında

Elektrik cərəyanı valent elektronları hesabına yaranır. Valent elektronları elektronikanın əsas anlayışlarının anlaşılması üçün mühim mövzulardandır.

Atomlar bir – birləri ilə son orbitdəki elektronlarla bağlı olur. Atomun sonuncu orbitindəki elektronuna valent elektronu deyilir. Atomu məhz bu elektron keçirici edir.

Valent elektronları” dərsinə daxildir:

„Atomlar. Atomların quruluşu“ mövzusundan bildiyimiz kimi atom iki hissədən ibarətdir:

  1. Atomun nüvəsi
  2. Enerji səviyyələri

Atomun nüvəsində proton və neytronlar, enerji səviyyələrində isə elektronlar yerləşir. 

Atomun nüvəsinə yaxın olan enerji səviyyəsindəki elektronların enerjisi aşağıdır. Əksinə, bir elektron nüvədən nə qədər uzaqdırsa, o qədər yüksək enerji səviyyəsində yerləşir.

Bu o deməkdir ki, nüvədən uzaqda olan elektronlar qismən azaddırlar. Çünki enerjiləri yüksəkdir. Nüvədən az asılı olduqlarından atomu rahatlıqla tərk edib sərbəst ola bilirlər. 

Ən yüksək enerji səviyyəsində yerləşən bu elektronlar valent elektronlarıdır.

Yazdıqlarımın daha anlaşılan ola bilməsi üçün bir nümunəyə baxaq.

Mis atomunun valent elektronu

Şəkildə mis atomunun elektronlarının enerji səviyyəsi üzrə necə paylandığını görürsünüz. K enerji səviyyəsindəki elektronların enerjisi aşağıdır. Onlar atomu tərk edə bilmirlər. Nüvəyə çox bağlıdırlar.

Ancaq N səviyyəsindəki elektronun enerjisi yüksəkdir. Ona görə də bu elektron atomu rahatlıqla tərk edə bilir. Sərbəst ola bilir və ya başqa atoma birləşə bilir.

Mis atomunun N səviyyəsindəki, yəni sonuncu enerji səviyyəsindəki bir elektronu onun valent elektronudur.

Atomların başqa atomlarla əlaqəsində valent elektronlarının rolu

Hər bir atom öz sonuncu elektron səviyyəsini doldurmaqda maraqlıdır. Atomlar bir – biri ilə elektron alış – verişi edib sonuncu orbitlərini doldurmağa çalışırlar.

Atomların sonuncu enerji səviyyəsində maksimum 8 elektron yerləşə bilir. Yəni atomun valent elektronunun sayı maksimum 8 ola bilər.

Əgər atomun sonuncu enerji səviyyəsi tam doludursa, o atom elektron alıb – verməkdə maraqlı olmur.

Misal üçün, Mendeleyev cədvəlində ən sağ sütunda neon, arqon və s. elementləri yerləşir. Bu elementlər başqa bir elementlə, hətta öz aralarında belə qarşılıqlı təsirə girmək istəmirlər.

Öz hallarından məmnun olmalarının səbəbi ən son orbitlərinin tam dolu olmasıdır; son orbitlərində 8 elektron var. Nə bir elektron verməyə, nə də bir elektron almağa meyllidirlər.

Bir atomun son orbiti tamamən elektronlarla doludursa, həmin atom digər atomlara qarşı marağını itirir. İki atomun bir – birinə bağlı ola bilməsi üçün ən son orbitdəki elektronların sayı səkkizdən az olmalıdır.

Elektron alıb vermədiyi üçün bu atomlardan ibarət olan maddələr elektriki keçirtmir.

Əgər atomun son orbitində elektronların sayı bir, iki və ya üçdürsə, bu atomlar elektriki çox yaxşı keçirdir. Dolayısıla valent elektronu bir, iki, üç olan atomlar yaxşı keçiricidirlər.

Texnologiyada mis atomunun geniş istifadə olunmasının səbəbi onun yaxşı keçirici olmasıdır. Çünki sonuncu enerji səviyyəsində cəmi bir elektronu var.

Mis atomu son orbitini elektronlarla doldurmaqda maraqlıdır və ya son orbitindəki elektron tək olduğu üçün daha sərbəstdir. Nəticədə mis atomu son orbitdəki atomunu daha asan itirib müsbət iona çevrilə bilir. Keçiriciliyi isə yaradan ionlar, yəni yüklü hissəciyə çevrilmiş atomlardır.

Valent elektronlarının sayı atomun digər atomlarla necə əlaqə quracağını müəyyənləşdirir. Hər bir atomda valent elektronlarının sayı fərqlidir.

Atomdakı valent elektronlarının sayının tapılması

İlk olaraq bəsit quruluşa malik hidrogen atomuna baxaq. Hidrogen atomunun elektron quruluşu aşağıdakı kimi təsvir olunur: 1s1

Göründüyü kimi, hidrogen atomunun cəmi bir elektronu var. Bu elektron həm də onun valent elektronudur. Yəni, hidrogen atomunun valent elektronunun sayı 1 – ə bərabərdir.

İndi atom nömrəsi 6 olan karbon atomuna baxaq. Karbon atomunun birinci enerji səviyyəsində iki elektron ( 1s2 ), ikinci enerji səviyyəsində dörd elektron ( 2s22p2) var. Altı elektronu olan karbon atomunun ən yüksək enerji səviyyəsində dörd elektronu var. Ona görə də onun valent elektronlarının sayı 4 – dür.

Son olaraq daha mürəkkəb quruluşa malik dəmir atomuna baxaq. Sıra nömrəsi 26 olan dəmir atomunun birinci enerji səviyyəsində iki ( 1s2 ), ikinci enerji səviyyəsində səkkiz ( 2s22p6 ), üçüncü enerji səviyyəsində on dörd ( 3s23p63d6) və nəhayət sonuncu yüksək enerji səviyyəsində iki elektronu ( 4s2 ) var. Sonuncu enerji səviyyəsində iki elektronu olduğu üçün dəmir atomunun valent elektronlarının sayı 2 – dir.

Deməli, atomun valent elektronlarının sayı maddələrin keçirici (elektriki keçirən) və dielektrik (elektriki keçirməyən) olduğunu müəyyənləşdirir.

Aşağıdakı faylda dərsə aid suallar və cavabları var. Suallara cavab verməklə dərsi nə dərəcədə anladığınızı test edə bilərsiniz.

TEZLİKLƏ YÜKLƏNƏCƏK!

Sıfırdan Elektronika Dərsləri

Növbəti dərs: Əsas anlayışlar

“Valent elektronları” mövzusunu yararlı hesab edirsinizsə, sosial şəbəkələrdə paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva
5 1 səs verin
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x